CƏMİYYƏT
Qaxda İnsan hüquqları aylığı çərçivəsində seminar-müşavirə keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
İnsan hüquqları aylığı çərçivəsində iyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonu Heydər Əliyev Mərkəzində “İnsanların inanc azadlığına hörmət, hüquqi və mənəvi borcumuzdur” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın əməkdaşı Tərlan Nəzərov, Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, din xadimləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub, bütün insanların dinindən, dilindən, irqindən və s. asılı olmayaraq eyni hüquq və azadlıqlara sahib olması vurğulanıb. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində öz əksini tapmış vicdan azadlığı barədə maddə və “Dini etiqad azadlığı haqqında qanun” tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Seminar-müşavirə diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.