CƏMİYYƏT


Qaxda İslam həmrəyliyinin təbliği ilə bağlı  seminar-müşavirə keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dini icma sədrlərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova rayonda mövcud olan tolerant durum barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, zamanın sınağından uğurla çıxmış və digər ölkələrin timsalında öz mükəmməlliyini, bənzərsizliyini davamlı olaraq göstərən dövlətin din siyasəti ölkədə ictimai sabitliyin, dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın əsas rəhnidir. Ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, İslama düzgün yanaşmasını və baxışını təkmilləşdirib. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən elan olunan “İslam Həmrəyliyi İli”nin önəminə toxunan Səyyad Salahlı vurğulayıb ki, Azərbaycan müsəlman ölkələri içərisində müasir inkişaf xətti ilə seçilib. Son onillikdə müsəlman dünyasında baş verən ziddiyyətlər, müharibələr, terrorçu qruplaşmaların dövlətləri ələ keçirmələri kimi proseslər fonunda Azərbaycan artıq İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilib, eyni zamanda, ölkəmizdə təriqətlərarası sülh və etimad mühiti etibarlı qorunur.

Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov qeyd edib ki, İslam vəhdət dinidir. Bu dində fitnə-fəsada, kinə, ədavətə yer yoxdur. Azərbaycan dindarları həmişə öz həmrəyliyi ilə seçilib və bu işdə dünya müsəlmanlarına nümunə olublar.

Qax rayonu Qaşqaçay kənd məscidinin imamı Əliyar Mahmudov isə çıxışında İslam həmrəyliyinin inkişaf etdirilməsində dini icmaların üzərinə düşən vəzifələrdən danışıb.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.