REGİONLAR
Qaxda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib
Qax, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Tasmalı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirin əvvəlində rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov mövzu barədə fikirlərini bildirib, narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışıb. Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açan şöbənin rəisi dövrümüzün ağrılı problemi olan “ağ ölüm”lə mübarizə yolları barədə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkotik vasitələrin fəsadları barədə məktəblilərə geniş məlumat veriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.