REGİONLAR
Qaxda aqrar sahədə məhsul istehsalı 3,7 faiz artıb
Qax, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 140 milyon 355 min manat olub. Hesabat dövründə rayonda 19 milyon 856 min manatlıq sənaye, 60 milyon 194 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 15 milyon 799 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı əvvəlki illə müqayisədə 9 faiz, aqrar sahədə məhsul istehsalı isə 3,7 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Bildirilib ki, ötən il rayonda 173 yeni iş yeri açılıb. Özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması üçün sahibkarlara 13 layihə üzrə 167 min manat güzəştli kredit verilib və həmin layihələr üzrə 9 yeni iş yeri yaradılıb. Rayon üzrə orta aylıq əməkhaqqı 65,2 manat artaraq 398,1 manat olub.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Qax rayonunda 2020-ci ildə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin, baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, ötənilki mövsümdə rayonda 496,4 hektar sahədə tütün əkini aparılıb, 755,6 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artıb. Hesabat dövründə rayonda 12,8 ton yaş barama istehsal edilib, kümçülərə 58,3 min manat subsidiya verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 28 min 235 ədəd yerli tut tingi əkilib. Ötən il 22,5 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 10 min 209 hektara çatdırılıb.