REGİONLAR
Qaxda dənli və paxlalı bitkilər əkini üzrə ixtisaslaşmış aqropark yaradılır
Qax, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun Sarıca-Daşüz ərazisində dənli və paxlalı bitkilərin əkini üzrə ixtisaslaşmış aqroparkın yaradılmasına başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət fonduna aid torpaqlardan 2044 hektar ərazi seçilib. Artıq həmin ərazinin 244 hektarında buğda əkilib, eyni zamanda, yazlıqların əkini üçün şum aparılıb. Bu il ərazinin 150 hektarına qarğıdalı, 30 hektarına soya, 30 hektarına isə günəbaxan bitkisinin əkilməsi planlaşdırılır. Gələcəkdə əkin sahələri daha da genişləndiriləcək.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti aparatı şöbə müdirinin müavini İlqar Abbasov məlumat verib. Qurumun rəsmisinin dediyinə görə, aqropark üçün seçilmiş ərazi dəmyə sahə olduğundan, 1200 hektarın suvarılması üçün burada müasir suvarma şəbəkəsi yaradılacaq. Hazırda pilot suvarma sisteminin quraşdırılması üçün layihələndirmə işləri aparılır. Eyni zamanda, əraziyə su xəttinin çəkilməsinə də başlanılıb.
İlqar Abbasovun bildirdiyinə görə, aqropark ərazisində zəruri infrastrukturun yaradılması üçün layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ərazidə kənd təsərrüfatı texnikası üçün üstü örtülü qarajın, təmir emalatxanasının, gübrə və hazır məhsulların saxlanması üçün anbarların, həmçinin inzibati binanın tikilməsi nəzərdə tutulur.