REGİONLAR


Qaxda dövlət dəstəyi ilə kənd qonaq evləri üçün avadanlıq təqdim olunub

Qax, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Kəndlərdə sahibkarlığın və özünəməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 27-də Qax rayonunda bir qrup layihə iştirakçısına qonaq evləri üçün avadanlıq təqdim edilib.

Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qax rayon Xidmət Şöbəsinin baş mütəxəssisi Abdulla Abdullayev bildirib ki, layihə çərçivəsində uyğun namizədlərin seçimi aparılıb, vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunublar. Turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılıb, son mərhələ olaraq onlara Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan avadanlığın təqdim edilməsinə başlanılıb. Avadanlığın siyahısına divan və kreslo, stol və stul dəstləri, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisioner, televizor, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, saç qurudan, mətbəx ləvazimatları və sair daxildir.

Avadanlığın təhvil verilməsi prosesi uğurla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.