REGİONLAR
Qaxda ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndirilib
Qax, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənclər respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daim fəal iştirak edib, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək qaxlı gənclərlə keçirilən görüşdə səsləndirilib.
Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan görüşdə gənclərə seçki prosesi barədə ətraflı məlumat verilib.
İdarənin rəisi Əlövsət Bayramov seçkilərin ölkənin həyatında mühüm hadisə olduğunu bildirib, 18 yaşına çatmış hər bir vətəndaşın seçmək hüququna malik olduğunu diqqətə çatdırıb. Seçicilərin maarifləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayan idarə rəisi, bütün siyasi kampaniyalarda olduğu kimi, Milli Məclisə seçkilərdə də Qax gənclərinin yüksək fəallıq nümayiş etdirəcəklərinə, seçkilərin şəffaf və seçicilərin fəallığı şəraitində keçməsinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurov, 112 saylı Qax seçki dairəsinin nümayəndəsi Qoşqar Paşayev və FIDE ustası Pərvanə İsmayılova çıxış edərək, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu bildirib, onların inkişafı üçün göstərilən yüksək dövlət qayğısından ətraflı bəhs ediblər. Görüşdə, həmçinin gənclər qanunvericilikdə nəzərdə tutulmuş seçki hüququndan düzgün istifadə qaydaları, seçki günü səsvermə proseduru və digər məsələlər barədə geniş məlumatlandırılıb.
Sonda ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı sualları cavablandırılıb.