REGİONLAR
Qaxda ilk dəfə səs verəcək gənclərlə görüş
Qax, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənclər respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daim fəal iştirak edib, cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qaxda rayon icra hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 11-nə təyin edilmiş prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.
Şahmat Məktəbində təşkil edilən görüşdə gənclərə seçki prosesi barədə ətraflı məlumat verilib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının katibi İlqar Əhmədov, qızlar arasında şahmat üzrə dünya çempionu, FIDE ustası Pərvanə İsmayılova və başqaları çıxış edərək, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu bildirib, onlara göstərilən yüksək dövlət qayğısından, gənclərin inkişafı üçün görülən işlərdən ətraflı bəhs ediblər. Görüşdə, həmçinin gənclər qanunvericilikdə nəzərdə tutulmuş seçki hüququndan düzgün istifadə etmə qaydaları, seçki günü səsvermə prosedurları və digər məsələlər barədə geniş məlumatlandırılıb.
Sonda ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı sualları cavablandırılıb.