REGİONLAR


Qaxda ixtisaslaşmış aqropark yaradılır

Qax, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin doqquz ayında Qax rayonunda aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 44 milyon 604 min manat olub. Bu mövsüm rayonun tarixində rekord miqdarda – 43,2 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 6,8 min ton artıb. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda tütün əkini sahələri ötən illə müqayisədə 275 hektar artırılaraq 606 hektara çatdırılıb. Fermerlər indiyədək 4100 ton yaşıl tütün kütləsi tədarük edərək emal məntəqəsinə təhvil veriblər. Barama istehsalı əvvəlki illə müqayisədə 8,7 ton artaraq 12,5 tona çatıb. Rayonun ayrı-ayrı ərazilərində 513 hektar sahədə yeni fındıq bağları salınıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2017-ci ilin doqquz ayının yekunları ilə əlaqədar oktyabrın 17-də Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2017-ci ilin ötən doqquz ayı rayon iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 92 milyon 972 min manat təşkil edib. Bu müddət ərzində rayonda 12 milyon 837 min manatlıq tikinti-quruculuq işləri həyata keçirilib. Tikinti işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 59,9 faiz artıb. Hesabat dövründə rayonda 511 daimi iş yeri açılıb. Əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 40 layihə üzrə 860 min manat güzəştli kredit verilib.

Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq, rayonda 2044 hektar ərazidə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur. Ötən müddət ərzində aqroparkın infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Hazırda əraziyə 16 kilometr uzunluğunda elektrik xəttinin çəkilişi davam etdirilir. Tezliklə pivot suvarma sisteminin quraşdırılmasına başlanılacaq.

Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 19 may tarixli Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Artıq stansiyanın bərpası ilə bağlı işlərə başlanılıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi başa çatıb, Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsində isə tikinti işləri davam etdirilib. Qax şəhərində Bayraq Muzeyi, 110/35/10 kilovoltluq yeni elektrik yarımstansiyası, 180 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib.

Hesabat məruzəsində, həmçinin cari ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.