REGİONLAR


Qaxda qabaqcıl müəllimlər mükafatlandırılıblar

Qax, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax müəllimləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğur qazanıblar. Qax məktəbliləri ali məktəblərə qəbul imtahanlarında da fərqlənib, 187 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 54 nəfəri 500-700 bal arasında, o cümlədən 22 nəfər 600 baldan yuxarı nəticə göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Qax şəhərində keçirilən tədbirdə məlumat verilib.

Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov çıxış edərək, müəllimləri peşə bayramları münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin xüsusi rolunu vurğulayıb.

Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyevin məruzəsində ötən tədris ilində rayonun təhsil işçilərinin qazandıqları uğurlardan geniş bəhs edilib. Bildirilib ki, 5 oktyabr bütün dünyada ən şərəfli, müqəddəs və məsuliyyətli peşə sahibi olan müəllimlərin bayramıdır. 1966-cı ildə UNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən Azərbaycanda da geniş qeyd olunur.

Vurğulanıb ki, müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər təlqin edir. Bəşər cəmiyyəti bugünkü nailiyyətlərinə görə, ilk növbədə, bu xeyirxah peşə sahiblərinə minnətdardır.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsinə həmişə böyük qiymət verib. Müəllim əməyinə bu gün də dövlətimizin başçısı tərəfindən yüksək qiymət verilir, bu xeyirxah peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, müəllimlərin əməkhaqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər təhsilə, müəllimə qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 1226 müəllim məşğul olur. Son illər müəllimlərdən 9 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 8 nəfər “Tərəqqi” medalı ilə, 17 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Bundan əlavə, 7 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olub. Sevindirici haldır ki, Prezident İlham Əliyevin imzaladığı son Sərəncamla Qum kənd tam orta məktəbin direktoru Güllər Vəliyeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Tədbirin sonunda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyəti adından fəxri fərman təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.