REGİONLAR
Qaxda sel sularından mühafizə tədbirləri görülür VİDEO
Qax, 16 iyun, AZƏRTAC
Yaz və payız aylarında yağıntıların bol olması dağ çaylarında suyun səviyyəsini artırır. Artan sululuq isə yaşayış məntəqələrinə və əkin sahələrinə təhlükə yaradır. Bəzən belə hallar sel gəlməsi ilə nəticələnir. Ancaq öncədən görülən tədbirlər belə halların qarşısını alır.
Bolsululuğu ilə seçilən Kürmük çayı Qax rayonun və bölgənin ən böyük çaylarındandır. Tez-tez sel gələn bu çayda tarixən fəlakətlər də baş verib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, müasir dövrdə belə halların qarşısı əvvəlcədən planlaşdırılmış şəkildə alınır. Bu vasitələr isə çayın sağ və sol sahillərində qurulan bəndlərdir. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma dövründə sel, su və daşqınlar nəticəsində fermerlərin problemlə qarşılaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.
Qax Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə ilə yanaşı, rayon ərazisində olan əkin sahələrinin suvarılmasını da mütəmadi olaraq təmin edir. Suvarılmanın mütəşəkkil aparılması üçün torpaq məcralı kanallar daimi olaraq lildən təmizlənir, su itkisinin qarşısının alınması məqsədilə isə kanallar beton üzlüyə alınır. Bundan başqa, əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün bu il 5 artezian, 2 subartezian quyusu qazılaraq istifadəyə verilib.
Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr Kürmük, Qum, Ləkit, Zərnə, Qapıçay, Duruca çayları və qaynama qara sulardır. Bu il rayonda 6400 hektar sahədə taxıl, 170 hektar sahədə tütün, 80 hektar sahədə yonca, 35 hektar sahədə qarğıdalı əkilib və suvarılması aparılıb. Bundan başqa, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən 2100 hektar fındıq bağları və 90 hektar bostan-tərəvəz bitkilərinin də suvarılması həyata keçirilir.