REGİONLAR
Qaxda səyyar “ASAN xidmət”ə ilk gündə 250-yə yaxın müraciət qeydə alınıb VİDEO
Qax, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu martın 28-dən başlayaraq Qax şəhərində sakinlərə səyyar formada xidmət göstərir. Bu xidmətdən Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sakinləri də yararlana bilərlər.
Qəbələ regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri, xidmətin səyyar avtobusunun qrup rəhbəri Azad Qəribov AZƏRTAC-a bildirib ki, səyyar xidmətin ilk günündə 250-yə yaxın müraciət qeydə alınıb.
Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.
Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət” Qaxda sakinlərə aprelin 26-dək xidmət göstərəcək.