REGİONLAR
Qaxın İlisu kəndi ilk dəfə “mavi yanacaq”la təmin olunub VİDEO
Qax, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 30-da Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 417 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 665 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 min 807 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, respublikamızın ən ucqar yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə uca dağların qoynunda yerləşən, əsrarəngiz təbiət gözəlliklərinə malik olan İlisu kəndinə təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Bildirilib ki, 1300 nəfərə yaxın əhalinin yaşadığı bu kənddə son illər yeni uşaq bağçası, İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində dəmir körpü tikilib istifadəyə verilib, yeni transformator quraşdırılıb, elektrik xətləri yenilənib. Vurğulanıb ki, təbii qazın verilməsi ilin bütün fəsillərində qonaq-qaralı olan, minlərlə turistin ziyarət etdiyi, turizm-istirahət mərkəzlərinin yerləşdiyi İlisu kəndi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mərasimdə diqqətə çatdırılıb ki, cari ildə Qax rayonunda bu kənd də daxil olmaqla, 7 kəndə “mavi yanacaq” verilib. Hazırda rayonun 20 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, rayonun Tasmalı və Zəyəm kəndlərinin qazlaşdırılması istiqamətində iş davam etdirilir. Cari ilin sonunadək bu kəndlərə də təbii qazın verilməsi nəzərdə tutulur.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.