REGİONLAR
Qaxın İlisu kəndində keçirilən qida yarmarkasında yüzdən çox adda məhsul nümayiş olunub
Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti yerli qida sərgi-yarmarkası sentyabrın 12-də Qax rayonunun səfalı guşələrindən olan İlisu kəndində təşkil olunub.
Layihənin məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bu bölgə üzrə geniş istehsal dairəsi olan fındıq əzməsi, xurma qurusu və bəkməz, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalını dəstəkləməklə dəyər zənciri formalaşdırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilin bütün fəsillərində yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət mərkəzlərindən olan “Səngər Qala” otelinin həyətində təşkil olunan sərgi-yarmarkada layihədən yararlanan 19 istehsal qrupunun 100-dən çox adda məhsulu nümayiş edilib, eyni zamanda, satışı təşkil olunub. Yarmarkada təqdim olunan bu bölgəyə xas müxtəlif şirniyyatlar, fındıqdan hazırlanan məhsullar, qaxac ət və quru dolma, meyvə quruları, turşular, mürəbbələr, bəkməz, bal və arıçılıq məhsulları, digər ləziz təamlar öz keyfiyyəti və çeşidi ilə iştirakçıların marağına səbəb olub.
Layihənin rəhbəri Yusif Axundov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin tərkib hissəsi olaraq, bu bölgədə aqroturizmin inkişafı ilə bağlı tədbirlər də nəzərdə tutulub. Hazırda layihə çərçivəsində 3 təsərrüfat turu keçirilir. Bu gün turistlər Zaqatalada kənd təsərrüfatı obyektlərinə baş çəkib, həmçinin Qax rayonunun Turaclı kəndindəki “Ata-baba kooperativi”nə məxsus fındıq bağında olub, məhsul yığımını izləyib, fındıqdan hazırlanan məhsullar barədə ətraflı məlumat toplayıblar. Turistlər, eyni zamanda, bağdan birbaşa fındıq da alıblar.
Layihə rəhbərinin sözlərinə görə, növbəti mərhələdə layihədən yararlanan istehsalçı qruplara öz işlərini genişləndirmək üçün istehsal avadanlıqları təqdim ediləcək.
Qeyd edək ki, layihə çərçivəsində növbəti qida yarmarkalarının sentyabrın 18-19-da Zaqatala və Balakən rayonlarında təşkil edilməsi nəzərdə tutulur.