REGİONLAR
Qaxın emal məntəqəsində indiyədək 100 ton quru tütün istehsal olunub VİDEO
Qax, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Tütünçülük Qax rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovetlər dövründə respublikamızda istehsal olunan tütünün böyük hissəsi Qaxın, eləcə də bu bölgədə yerləşən digər rayonların payına düşürdü.
Bu sahəyə maraq bir müddət azalsa da, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsi olaraq, son dövrlər bölgənin digər rayonları kimi, Qaxda da tütünçülüyün inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülüb. 2016-cı ildə rayonun təsərrüfatlarında 331 hektar sahədə tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Yığılmış yaş tütün yarpağı qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir.
AZƏRTAC-ın müxbiri müəssisədə olub, tütünün qəbulu və emalı prosesi ilə tanış olub.
Məntəqənin direktoru Məmmədəli Sultanovun bildirdiyinə görə, mövsümün əvvəlindən indiyədək fermerlərdən 1100 tondan çox yaş tütün qəbul edilib. Hər gün məntəqəyə 50-55 ton yaş tütün gətirilir. Tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda bu kameraların hamısı işlək vəziyyətdədir. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir və tütünün qurudulması prosesi 6-7 gün çəkir. Hər gün bu kameraların 6-sından quru tütün boşaldılır və yaş tütün yerləşdirilir. Emal olunan quru tütün çeşidlənərək anbarlara yığılır.
Müəssisə direktorunun bildirdiyinə görə, indiyədək məntəqədə 100 tona yaxın quru tütün istehsal olunub.
Xatırladaq ki, yaş tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilib. Tütünün dəyəri istehsalçılara bank vasitəsilə ödənilir.