REGİONLAR
Qaxın muzeylərində “Açıq qapı” günü
Qax, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də Qax Rayon Tarix-Diyarşünaslıq və İsmayıl Dağıstanlının Xatirə muzeylərində “Açıq qapı” günü elan olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində məktəb kollektivlərinin, vətəndaşların muzeylərə ekskursiyaları təşkil edilib, ziyarətçilərə muzeylərin fəaliyyəti, rayonun və bölgənin tarixi, həmçinin görkəmli aktyor İsmayıl Dağıstanlının həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Gün ərzində davam edən aksiya zamanı muzeylərin 400-dən çox ziyarətçisi olub.
Əlamətdar gün münasibətilə Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd muzeylərlə əhali arasında daha sıx əlaqənin yaradılmasına nail olmaqdır.
Tədbirdə vurğulanıb ki, muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Muzeylər mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi, əməkdaşlıq, insanlar arasında sülhün bərqərar olmasında mühüm vasitə kimi çıxış edir.
Diqqətə çatdırılıb ki, 1981-ci ildə beş yüzə yaxın eksponatla fəaliyyətə başlayan Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində hazırda rayonun qədim tarixindən soraq verən 11 min 600-dən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə və təbliğ olunur, nümayiş etdirilir.
Sonda səmərəli fəaliyyətinə görə muzeyin baş fond mühafizi Brilyant Musayeva fəxri fərmanla mükafatlandırılıb.