REGİONLAR
Qaxlı fermerlərə güzəştli şərtlərlə 24 tonadək mineral gübrə satılıb
Qax, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 10-da “Aqrolizinq” ASC tərəfindən Qax rayonunda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Güllük kəndində təşkil edilən səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar satışda Güllük və ətraf kəndlər üzrə 30 vətəndaşa güzəştli şərtlərlə 10 ton ammofos, 12,5 ton azot, 1,4 ton nitroammofoska olmaqla, ümumilikdə 23,9 ton mineral gübrə satılıb.
ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı aprelin 11-də Zaqatala rayonunun Makov kəndində təşkil olunacaq.