REGİONLAR
Qaxlı gənc memar: Taksidermiya sənəti mənə ölmüş heyvanları canlandırmağın sirlərini öyrədib VİDEO
Qax, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərində yaşayan gənc memar Abdulla Tağıyev yeddi ilə yaxındır ki, taksidermiya – heyvanların dərisindən müqəvvaların hazırlanması sənəti ilə məşğul olur. Onun ölmüş heyvan və quşların görünüşünün itirilməməsi şərtilə dərilərindən hazırladığı müxtəlif müqəvvalar görənlərin böyük marağına səbəb olur. Bildiyimizə görə, Abdulla təkcə Qaxda deyil, eləcə də bölgədə bu işlə peşəkar səviyyədə məşğul olan yeganə sənətkardır.
AZƏRTAC-ın bölgə müxbiri gənclə görüşüb, taksidermiya sənətinin özəllikləri ilə maraqlanıb.
Abdullanın bildirdiyinə görə, taksidermiya sənətinin çox qədim tarixi var. Qədim insanlar soyuqdan qorunmaq üçün ovladıqları heyvanların xəzindən istifadə edərdilər. Onun sözlərinə görə, taksidermiya Azərbaycanda o qədər də geniş yayılmayıb. Emal məqsədilə və ya satmaq üçün dəri aşılayanlar olsa da, heyvan maketləri hazırlamağa maraq göstərənlərin sayı xeyli azdır. Əsasən, ovçuluqla məşğul olanlar ovladıqları bəzi heyvanların daxili orqanlarını çıxararaq müqəvvalar hazırlayıb satır və ya hədiyyə edirlər.
Həmsöhbətimiz bildirib ki, bu sahəyə maraq onda 16-17 yaşlarında yaransa da, son 6-7 ildə bu işlə ciddi şəkildə məşğul olmağa başlayıb: “Mən bu sənəti ölmüş heyvanların canlandırılması da adlandırıram. Bu işə hobbi olaraq başlamışam. Boş vaxtlarımı təbiətdə keçirməyi xoşlayıram, heyvanat aləminə xüsusi marağım, sevgim var. İlk işim uğurlu alındıqdan sonra, fikirləşdim ki, davam etdirsəm yaxşıdır. Mən yalnız ölmüş heyvanların dərilərindən maketlər hazırlayıram, diri heyvanlarla işim yoxdur. Canlı aləmi, heyvanları qorumaq lazımdır, ona görə də heç vaxt ovçulardan heyvan cəsədləri almıram. Mənə yalnız avtomobil qəzalarından, yaxud digər səbəblərdən ölən heyvanları gətirirlər. Rayonumuzun yolları meşəlik ərazilərdən keçdiyindən heyvanlarla bağlı qəzaların sayı da çox olur”.
Bu işdə ən vacibi odur ki, hazırlanan maket heyvan və ya quşun tam oxşarı olsun, insanı qorxutmasın, əksinə insanlarda canlı aləmə qarşı sevgi yaransın. Həqiqətən də, onun hazırladığı heyvan maketləri orijinallığı, süjetliliyi ilə seçilir, əsl canlılardan fərqlənmir.
Maketlərin hazırlanma texnologiyası barədə danışan həmsöhbətimiz deyib: “Taksidermiya çox çətin sənətdir, bu iş bacarıq, zəhmət tələb edir. Əsas odur ki, iyrənməyəsən. Ölmüş heyvanların daxili orqanlarını, iç-içalatını çıxarmaq o qədər də xoş iş deyil, bu zaman pis qoxu olur. Müqəvva hazırlamaq üçün, ilk növbədə, heyvanın dərisi ehtiyatla soyularaq yağlardan təmizlənir və müxtəlif dərmanlar vasitəsilə aşılanır. Sonra heyvanın maketi hazırlanır və aşılanmış dəri maketin üzərinə keçirilərək qurudulur. Tam quruduqdan sonra maketin içi xüsusi materialla doldurulur, ehtiyac olarsa, üzərində kosmetik işlər görülür. Quşların aşılanması asan, forma vermək isə çətindir. Xəzli heyvanlarda isə əksinə, aşılamaq çətin, forma vermək asandır. Ümumiyyətlə, bu proses bir ayadək vaxt aparır”.
Müsahibimizin sözlərinə görə, bu işə hobbi olaraq başlasa da, bir müddət sonra, maketlərin sayı artdıqca bəzilərini satmaq lazım gəlib. Çünki bu sənəti davam etdirmək, heyvanları əldə etmək, dərman və digər zəruri materialları almaq üçün müəyyən vəsait lazımdır. Materialların əksəriyyəti xaricdən sifarişlə gətirilir. Heyvan və quş müqəvvalarının qiyməti 100 manatdan 1000 manatadəkdir. Nadir tapılan heyvanların qiyməti daha baha olur. İndiyədək 50-dək eksponat hazırlayıb, onlardan yarısı satılıb. Hazırda üzərində sevə-sevə işlədiyi tovuzquşunu min manatdan aşağı qiymətə satmağı düşünmür. “Bu işin hazırlanmasına xeyli əziyyət çəkirəm, istəyirəm ki, yaxşı sənət əsəri alınsın, baxanlar zövq alsın”,- deyə həmsöhbətimiz əlavə edib.
Abdulla Tağıyev 1996-cı ildə Qax şəhərində anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib, memar ixtisasına yiyələnib. O, eyni zamanda, 44 gün davam edən Vətən müharibəsinin iştirakçısıdır, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Hazırda rayon icra hakimiyyəti aparatında yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”ndə böyük məsləhətçi vəzifəsində çalışır.
O, koronavirus pandemiyası başa çatdıqdan sonra hazırladığı heyvan maketlərindən ibarət fərdi sərgi açmağı da düşünür. “İnsanların əksəriyyəti bu heyvanları canlı şəkildə görə bilmir. Bu eksponatlar sərgidə nümayiş olunarsa, insanlar, xüsusilə uşaqlar heyvan və quşları yaxından tanıyar, heyvanat aləminə sevgiləri daha da artar”, - deyə Abdulla Tağıyev vurğulayıb.