REGİONLAR
Qaxlı gənclər Nəsimin 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə aksiyasına fəal qoşulacaqlar
Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfə olacaq. Nəsiminin xatirəsinə əkiləcək ağaclar, salınacaq bağlar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək. Biz, qaxlı gənclər bu xeyirxah aksiyanın uğurla həyata keçməsi üçün öz səylərimizi əsirgəməyəcəyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qaxın fəal gənci, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov deyib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin mədəni irsimizin tanıdılması və təbliği baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayan qaxlı gənc dahi şairin yubileyi münasibətilə hazırda rayon gənclər və idman idarəsi tərəfindən də silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. “Düşünürəm ki, aksiya çərçivəsində salınacaq yeni yaşıllıq ərazilərinin şairin xatirəsinə “Nəsimi bağı” adlandırılması poeziya tariximizin yaddaşlarda qalması, həmçinin ekoloji cəhətdən daha gözəl bir Azərbaycan üçün əvəzolunmaz addım olacaq”, - deyə Elvin Həsilov bildirib.