REGİONLAR
Qaxlı gənclər “Tarixdəki izimİZ” layihəsi çərçivəsində qədim abidələrlə tanış olurlar
Qax, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə növbəti layihəni təqdim edib.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Tarixdəki izimİZ” layihəsi çərçivəsində gənclər Qax rayonunun ərazisində, Ləkit kəndinin yaxınlığında yerləşən Dairəvi məbəd və Yeddi kilsə monastır kompleksinə səfər ediblər.
Qeyd edək ki, V əsrə aid Dairəvi məbəd Qafqaz Albaniyası dövrünə aid ən qədim tikililərdən biri hesab olunur. Məbədin qalıqları Ləkit kəndindən bir kilometr aralıda, Ləkit çayının kənarındakı yarğanın yaxınlığındadır. VI-VII əsrlərə aid Yeddi kilsə monastır kompleksi isə 2 kilsə-bazilika və 5 sövmədən (kiçik kilsə) ibarətdir. Kompleks Qax rayonu ərazisində Qafqaz Albaniyası dövrünə aid ən böyük tarixi-memarlıq abidəsidir. Ulu əcdadlarımız tərəfindən yaradılan bu tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir.
Tariximizin izlərini daha yaxından tanımaq və görmək gənclərdə zəngin təəssürat yaradıb.
Səfər zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.