REGİONLAR
Qaxlı gənclər rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar
Qax, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qax şəhərində keçirilən toplantıda səsləndirilib.
Rayonun fəal gəncləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Toplantı iştirakçıları sonra “Şəhidlər xiyabanı”na gələrək, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, 2022-ci ilin Qax gəncləri üçün də əlamətdar və yaddaqalan olduğunu bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Bildirib ki, Qax gəncləri bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Gənclər 2022-ci ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanıb, milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini veriblər.
Tədbirdə çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub.