REGİONLAR
Qaxlı ziyalı: Gəncənin raket atəşinə tutulması şəhərin dinc sakinlərinə qarşı törədilmiş dəhşətli terror aktıdır
Qax, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Erməni qəsbkarları Gəncə şəhərində törətdikləri terror aktı ilə xislətlərindəki hiyləgərlik, vəhşilik, barbarlıq kimi xüsusiyyətləri bir daha sübut etdilər. Cəbhədəki uğursuzluqlarını, itkilərini xalqdan gizlətmək, ört-basdır etmək üçün dinc əhalinin yaşadığı Azərbaycan ərazilərini raket atəşinə tutmaqla ermənilər xalqımızda qorxu hissi yaratmaq niyyətində idilər. Ermənistan silahlı qüvvələrinin Moskvada elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması şəhərin dinc sakinlərinə qarşı törədilmiş kütləvi terror aktı, qanlı cinayətdir. Bu terror aktı nəticəsində doqquz nəfər dinc sakin həlak olub, otuz dörd nəfər yaralanıb. Lakin xalqımızı bu cür terrorlarla, cinayətlərlə qorxutmaq qeyri-mümkündür. Başladığımız bu mübarizə, mücadilə mənfur düşmənin işğal olunmuş ərazilərdən birdəfəlik təmizlənməsinə köklənib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova söyləyib.
Rayon ziyalısı deyib: “Otuz illik həsrətində olan torpaqlarımıza qovuşmaq xalqımızın arzusu və hüququdur. Xalqımız daim ordunun, dövlətimizin arxasındadır. Bu birliyi heç bir qüvvə sarsıda bilməz. Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləyəcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər yaşayış məntəqələrində dalğalanacaq. Biz buna inanırıq!”