REGİONLAR


Qaxlılar baharın gəlişini sevinclə qarşılayırlar

Qax, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın ən qədim bayramlarından olan Novruz Qax rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə martın 17-də Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində ümumrayon bayram şənliyi keçirilib.

Bayram tədbiri Novruz tonqalının alovlandırılması ilə başlayıb. Tonqalı Vətən müharibəsi şəhidi, polkovnik Sadiq Məmmədovun övladları alovlandırıblar.

Sonra tədbir iştirakçıları xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.

Tədbirdə bildirilib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir. Bayram tədbirinin iştirakçıları ölkəmizə əmin-amanlıq, xalqımıza bahar təravətli günlər, süfrələrə ruzi-bərəkət arzulayıblar.

Sonra bayram şənliyi rayonun bədii-özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Novruzun atributları olan Keçəl və Kosa tədbir boyu duzlu və məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.