ELM VƏ TƏHSİL


Qaydalara riayət edərək virusa birlikdə qalib gələk

Bakı, 3 iyul, AZƏRTAC

Bu gün hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür. Çünki bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən mübarizə tədbirləri bizdə qürur hissi doğurur. Dünyanın ən inkişaf etmiş ölkələrində mövcud səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmazdan əvvəl dövlətimizin məqsədyönlü şəkildə başlatdığı və birbaşa nəzarətində həyata keçirilən tədbirləri sayəsində ölkəmiz üçün faciəvi hal almayıb. Azərbaycan hökumətinin atdığı addımlar həm ölkə, həm də dünya miqyasında yüksək dəyərləndirilir. Beynəlxalq səviyyədə vurğulanır ki, Azərbaycan güclü dövlətdir, vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva söyləyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin mütəmadi olaraq açıqlamalarında da Azərbaycanın istər insanların sağlamlığının qorunması, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması təcrübəsi önə çəkilir və təqdir edilir. Özünütəcrid qaydalarına riayət edərək, səhiyyə işçilərimizin peşəkarlığı sayəsində sağaldılaraq yenidən normal həyatlarına dönən, ailələrinə qovuşan xeyli sayda vətəndaşlarımız az deyil. Lakin təəssüflər olsun ki, son günlər ölkəmizdə bu xəstəliyin statistikasında artım dinamikası müşahidə olunur. Hər gün artan dinamika bu gün heç də ürəkaçan deyil. Dövlət tərəfindən atılan addımlara və görülən işlərə baxmayaraq, bu gün virusa yoluxma hallarının sayında azalma əvəzinə, artım baş verir. Bunun da səbəbi onunla bağlıdır ki, bəzi insanlarımız TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmir, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmır, sosial məsafəni gözləmir və mütəxəssislərin xəbərdarlıqlarına qeyri-ciddi yanaşırlar. Ancaq bunu da bilmək lazımdır ki, vətəndaşlarımızın belə səhlənkar münasibəti ölkəyə, cəmiyyətə yaxşı heç nə vəd etmir.

“Olduqca sürətlə yayılan, minlərlə insanı öldürən və öldürməkdə davam edən bu virus sərhəd tanımır. İlk dəfə Çində aşkarlanan bu virus oradan bütün dünya üzərinə sanki güclü silahlanmış ordu kimi hərəkət edir. Ona qarşı ölkələr ehtiyat tədbirləri görsələr də, üstünlük hələ ki, ölümcül virusun tərəfindədir. Amma ən güclü silah elə özümüzük ki, qaydalara riayət etməklə bu virusa birlikdə qalib gələ bilərik! Bu, elə bir bəladır ki, böyüyə-kiçiyə, varlıya-kasıba baxmaz. Televiziya kanallarında, eləcə də internet səhifələrində yayımlanan kadrlarda kütləvi şəkildə insanların ölməsini, boş küçələri, meydanları və parkları görmək ürəkağrıdıcı mənzərədir. Özümüz, yaxınlarımız, əzizlərimiz, körpələrimiz naminə bütün qaydalara vaxtında əməl etməliyik. İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm koronavirusa qalib gələcək. Özümüzdən və əzizlərimizdən muğayat olaq, sağlam qalaq! Gəlin hamımız bir-birimizin xilaskarı olmağa çalışaq! Gündəlik həyatımızı koronavirusla birgə və düzgün yaşam tərzinə uyğunlaşdırmalıyıq. Əminəm ki, zaman-zaman bütün çətinliklərə sinə gərən Azərbaycan xalqı bu sınaqdan da üzüağ çıxacaq”, - deyə Tünzalə Zeyvəliyeva söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.