ELM VƏ TƏHSİL
Qayğıkeş həkim və müəllimin ömür yolu...
Bakı, 14 iyun, AZƏRTAC
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran həkimlərin xətrini el-obada həmişə əziz tutublar. Təsadüfi deyil ki, ağıllı və mütərəqqi adamları loğmanla müqayisə ediblər.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış həkim, diaqnostika və müalicə sahəsində görkəmli alim Məmməd Emin Əfəndiyev məktəbinin yetirməsi və davamçısı, tibb üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında fəal elmi işlə məşğul olan Rasim Quliyevin anadan olmasının 80-ci ildönümüdür.
Tanıyanlar onun adını qürur və məhəbbətlə çəkirlər. Bu, bir tərəfdən alimin dünyada ən humanist peşə sahibi olmasından, yüzlərlə insana sağlamlıq, həyat bəxş etməsindən irəli gəlirsə, digər səbəb onun şəxsiyyətinin bütövlüyündən, ziyalı, alim, vətəndaş adını ləyaqətlə daşımasından qaynaqlanır.
Rasim Hətəm oğlu Quliyev 1946-cı ilin sentyabrında Tərtər rayonunun Mamırlı kəndindəki məktəbdə 1-ci sinfə daxil olub, 1953-cü ildə həmin məktəbin 7-ci sinfini bitirdikdən sonra valideynləri Bakıya köçdüyü üçün təhsilini paytaxtda davam etdirib. 1958-ci ildə Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub, 1964-cü ildə oranı əla qiymətlərlə bitirib.
1964-1968-ci illərdə gənc yaşlarında Naftalan kurortunda həkim, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini işlədiyi dövrlərdə Sovet İttifaqının hər tərəfindən müalicəyə gələn xəstələr arasında yaxşı həkim kimi böyük rəğbət qazanıb, barəsində “Trud” qəzetində “Sizə minnətdaram, insanlar” sərlövhəli məqalə dərc edilib.
Naftalan kurortunda 4 il işlədikdən sonra - 1968-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası kafedrasına aspiranturaya daxil olub və elmi işini müvəfəqiyyətlə müdafiə edib. 1970-ci ildə Daxili xəstəliklərin propedevtikası kafedrasında dərs deməklə yanaşı, müasir təbabətin bir çox sahələrinə aid 130-dan artıq elmi məqalə, 3 dərslik və 1 monoqrafiya yazıb.
Rasim Quliyev 1975-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən sovet həkimlərinin tərkibində aparıcı mütəxəssis kimi Qvineya-Bissau Respublikasına ezam edilib, ölkə rəhbərinin ailə həkimi olub. Xalqımızın adına layiq fəaliyyət göstərən həkimin fədakar əməyi Qvineya-Bissau Respublikasının mərkəzi qəzetində, eləcə də “Moskva” jurnalında geniş şəkildə işıqlandırılıb. 1982-ci ildən sovet həkimlərinin tərkibində məsləhətçi kimi Şimali Yəmən Ərəb Respublikasına ezam olunan Rasim Quliyev əvvəlcə sovet həkimləri qrupunun ilk partiya təşkilat katibi, 1983-cü ildən isə 337 nəfərlik sovet həkimləri qrupunun rəhbəri vəzifəsinə təyin edilib. İlk dəfə Rasim Quliyevin təşkilatçılığı nəticəsində SSRİ-dən 93 həkim və orta tibb işçisi bu ölkəyə dəvət edilib, paytaxtda yerləşən Mərkəzi Hospitalda müqavilə əsasında işə başlayıb.
Elə bu dövrdə Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi 3 həkimi, o cümlədən Rasim Quliyevi fəxri fərmanla təltif edib. Sovet səfirliyi tərəfindən isə fədakar işinə görə sosializm yarışının qalibi döş nişanı ilə təltif olunub. Millətimizi öz şərəfli əməyi ilə təmsil edən tanınmış alim Rasim Quliyevin elmi və praktik fəaliyyəti Qvineya-Bissau Respublikasının hökuməti, eləcə də Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi və sovet səfirlikləri tərəfindən həmişə yüksək qiymətləndirilib. Onun bu illərdə hər iki ölkədə təbabətin müxtəlif sahələrinə həsr edilmiş 12 elmi məqaləsi dərc edilib.
Rasim müəllim respublikamızda gənc həkimlərin hazırlanmasında bu gün də uğurla çalışır. Onun yetirmələri Azərbaycan Tibb Universitetində və respublikamızın müxtəlif rayonlarında yüksək səviyyəli mütəxəssis kimi çalışaraq xalqımıza fədakarcasına tibbi xidmət göstərirlər.
Rasim Quliyev Azərbaycanın ilk maarifçilərindən olan Musa bəy Quliyevin nəvəsidir. Musa bəy Quliyev Nəriman Nərimanov, Süleyman Sani Axundov və digərləri ilə birlikdə Qori Seminariyasını başa vurduqdan sonra Peterburq Müəllimlər İnstitunu bitirib. Ömrünün 80-ci baharını yaşayan Rasim həkim bu gün də əsl vətəndaşlıq mövqeyi ilə seçilir. Bakı şəhərində, Bərdə, Tərtər rayonlarında, Ramana Şuşa qaçqın şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə təmənnasız olaraq tibbi yardım göstərir.
Əhatəsində olan insanların, həmkarlarının və tələbələrinin rəğbətini qazanan Rasim müəllim ömrününün müdriklik çağında xalqın inanıb-etibar etdiyi həkim adını şərəflə və məsuliyyətlə daşıyır.