ELM VƏ TƏHSİL
“Qayıdış” yaz məktəbində məktəblilər üçün təlim və intellektual yarışlar təşkil edilib
Bakı, 9 mart, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində reallaşan “Qayıdış” yaz məktəbi işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, məktəbliləri və gəncləri əhatə edən yaz məktəbinin təşkilində tələbə-könüllülər də iştirak ediblər.
“Qayıdış” yaz məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır. Məktəblilər və gənclər təlimçi və ekspertlər tərəfindən keçirilən incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edirlər.
“Qayıdış” yaz məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin “SABAH” qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.
Yaz məktəbi martın 10-da başa çatacaq.