CƏMİYYƏT


“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər ediləcək

Bakı, 25 yanvar, AZƏRTAC

“Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər ediləcək. Qanun layihələri dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

AZƏRTAC Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qanun layihələri yanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə edilib.

“Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunub. Bu çərçivədə qanuna bir sıra dəyişikliklər edilib, yeni anlayışlar və tənzimləmələr təsbit olunub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.