REGİONLAR
Qazandığımız hər bir uğurun əsasında Ulu Öndərin müəyyən etdiyi strateji siyasi kurs dayanır
Daşkəsən, 27 aprel, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputat Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup ziyalı və qazi Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən Əhəd Abıyev bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ictimai-siyasi, mədəni, humanitar və idman tədbirləri keçirilir. Ümummilli Lider Heydər Əliyevin ideyalarının, siyasi irsinin öyrənilməsi, təbliği, böyüməkdə olan nəsillərə çatdırılması baxımından bu tədbirlərin hər birinin mühüm əhəmiyyəti var. Qazandığımız hər bir uğurun, qələbənin əsasında Ulu Öndərin ideyaları, vaxtilə müəyyən etdiyi strateji siyasi kurs dayanır. Bugünkü müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində zamanın sərt və ən ağır sınaqlarından zəfərlə çıxmış, dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünyanın sivil demokratik ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev milli tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqını qazanmışdır.
Qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlər onun ən layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, müasir dövrün çağırışlarına və tələblərə uyğun daha da zənginləşdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.
Deputat Kamran Bayramov çıxışında deyib ki, nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyev xalqımız və müstəqil dövlətimiz üçün böyük xidmətlər göstərib. Hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır. Ölkəmizdə bərqərar olan sabitlik, həyatımızın bütün sahələrində qazanılan uğurlar Ümummilli Lider Heydər Əliyev siyasətinin və ideyalarının təntənəsidir.
Çıxışlardan sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.