REGİONLAR
Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Qazax, 25 may, Rauf Hacıyev, AZƏRTAC
Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən konfrans Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil olunub.
Konfransda Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və fəaliyyətə başlamasından, bu təhsil ocağının ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, ixtisaslı müəllim kadrlarının yetişməsində misilsiz rolundan danışılıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Qazax Müəllimlər Seminariyasının Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi olduğunu qeyd edib.
BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək, 1918-ci ildə görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan bu təhsil məbədinin Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri yetişdirməsindən söz açıb.
Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov Azərbaycanda təhsilin və elmin müasir problemləri və inkişafı məsələlərindən bəhs edib.
Səkkiz bölmədə keçirilən plenar iclaslarda professorlardan Ərdoğan Altınkaynak, Hüseyn Xəlilov, Mahmud Kamaloğlu, Cəlal Qasımov, Şahamettin Kuzucular və digərləri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. İclaslarda, ümumilikdə, 67 məruzə dinlənilib.