REGİONLAR
“Qazax Sement Zavodu” MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə bölgələrdə qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirir, istehsal olunan məhsullar daxili bazarda və ixracda böyük uğurlar qazanır.
Avqustun 9-da “Qazax Sement Zavodu” ərazisində zavod əməkdaşlarının iştirakı ilə bu ilin 7 ayının yekunları və Qurban bayramı münasibətilə geniş tədbir keçirilib. Tədbirdə yerli və alman mütəxəssislər zavodun 2019-cu ildə satış, rebrendinq, sement, beton, qum-çınqıl istehsalı sahəsində əldə etdiyi uğurlar, respublikada ilk dəfə istifadəyə verilmiş mobil beton laboratoriya və beton leqo blokların istehsalına başlaması barədə məlumat veriblər. Qeyd edilib ki, aparılmış islahatlar və istehsalata yönəldilmiş investisiya nəticəsində zavoda yeni avadanlıqlar quraşdırılaraq istehsal gücü artırılıb, qaz və işıq sərfiyyatı azaldılaraq Avropa ölkələrinin sement zavodlarının sərfiyyatlarına uyğunlaşdırılıb.
2019-cu ilin iyul ayında 2018-ci ilin orta göstəriciləri ilə müqayisədə klinker istehsalı 7,5 faiz, sement istehsalı 25 faiz artaraq “Qazax Sement Zavodu”nun tarixində ən yüksək nəticə əldə olunub.
“Qazax Sement Zavodu” MMC regionun sosial–iqtisadi inkişafına da daim öz dəstəyini göstərməkdədir. Belə ki, Tovuz rayonunda inşa olunan ABAD layihəsi çərçivəsində “Qazax Sement Zavodu” MMC-nin sponsorluğu ilə “Bitkilərin qurudulması və emalı müəssisəsi” tam inşa edilərək bütün lazımi avadanlıqlarla təchiz edilib. Zavod Azərbaycan Güləş Federasiyası ilə sponsorluq müqaviləsi bağlayaraq, Tovuz Güləş klubunun maddi–texniki təchizatını da həyata keçirib. Zavodun həyata keçirdiyi digər bir layihə çərçivəsində regionda yaşayan orta təhsilli gənclər təcrübə proqramı çərçivəsində zavodda işlə təmin edilib. Bundan əlavə, ilin sonunadək zavoda yaxın kəndlərdə uşaq bağçalarının tikintisi və əsaslı təmiri də planlaşdırılır.
“Qazax Sement Zavodu” MMC yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, regionda keçirilən sosial və digər yönümlü tədbirlərdə fəal iştirak edir.
Qurban bayramı münasibətilə zavod tərəfindən Qazax rayonunun sərhədyanı kəndlərində yaşayan, həmçinin Aprel döyüşlərində həlak olmuş şəhidlərin ailələrinə və aztəminatlı ailələrə bayram payları da verilib.
“Qazax Sement Zavodu” MMC haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz. www.qazaxsement.com.