SİYASƏT


“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib VİDEO

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 22-də Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, DSX-nin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən genişmiqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilərinin işğal altındakı torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müdafiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi qeyd olunub.

Sonra hərbi hissə kompleksinə baxış keçirilib. Bildirilib ki, hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunub.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.