CƏMİYYƏT
Qazax rayonunda karantin rejimini pozan şəxslər barəsində inzibati xəta haqqında işlər üzrə icraat başlanıb
Bakı, 1 dekabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Qazax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 451 nömrəli qərarına əsasən koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, noyabrın 28-də və 30-da Qazax Rayon Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə 9 nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyənləşdirilib.
Qazax rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilib və toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiqi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilib.