REGİONLAR
Qazaxda 11 min 395 hektar sahədə taxıl biçini aparılır
Qazax, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
Ölkəmizdə ərzaq təhlükəsizliyinin həll edilməsində kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusən də taxılçılığın inkişafı məqsədilə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, qəbul olunmuş dövlət proqramları, o cümlədən mühüm sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə daxil edilməsi Qazax rayonunda da taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Qazaxda 11 min 395 hektar sahədə taxıl əkilib ki, bunun da 6 min 916 hektarını buğda, 4 min 479 hektarını isə arpa təşkil edir.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Artıq xeyli vaxtdır ki, rayonda arpa biçini həyata keçirilir. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, habelə biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.
Bu günə kimi rayondakı 4 min 479 hektar arpa sahəsinin 952 hektarında biçin aparılıb. 3 min 527 hektar sahədə isə biçin işləri sürətlə davam etdirilir.