REGİONLAR
Qazaxda “Azərbaycan bayrağı” ordenli Qaratel Hacımahmudovanın xatirəsi anılıb
Qazax, 17 avqust, Famil Quliyev, AZƏRTAC
Qazaxda Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudovanın doğum günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Qazax Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Qazax rayonunda mənfur qonşularımıza qarşı aparılan mübarizədən, bu yolda rayonun 283 şəhid verməsindən söz açıb. Qeyd edib ki, qazaxlılar öz torpaqlarını mərdliklə qoruyub və bu yolda canlarından keçiblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Q.Hacımahmudovanın keçdiyi şanlı həyat yolundan danışıb.
Sonra Şəhid Ailələri və Qarabağ Müharibəsi Veteranları İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, şəhidin adını daşıyan məktəbin direktoru Yeganə Göyüşova, Qaratelin döyüş yoldaşı Nəsib Nəsibov çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüb.
Şairlərdən Zaməddin Ziyadoğlu, Məzahir Yaqublu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu Qaratelə həsr etdikləri şeirlərini oxuyublar. Şəhidin adını daşıyan məktəbin şagirdlərinin ifasında Vətənə, Qarabağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.