REGİONLAR
Qazaxda COVID-19 əleyhinə 102 min 803 doza vaksin vurulub
Qazax, 6 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin peyvənd olunması prosesi uğurla aparılır.
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı sakinlərə sentyabrın 4-dək 102 min 803 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 56 min 421, ikinci mərhələ üzrə sayı isə 46 min 382 nəfərdir. Qazax rayonunda birinci doza üzrə vaksinasiya səviyyəsi 76,4 faiz təşkil edir.
Rayon icra hakimiyyətinin, rayon polis şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrupların üzvləri tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılaraq bildirilir ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir.