CƏMİYYƏT


Qazaxda “Media və hüquqi maarifləndirmə” mövzusunda regional konfrans təşkil edilib

Bakı, 20 may, AZƏRTAC

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış abidə kompleksini ziyarət ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş tədbirdə Qazax, Tovuz və Ağstafa Rayon prokurorları, həmin rayon prokurorluqlarının əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayon prokuroru Rauf Gözəlov çıxış edərək informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil edilmiş işgüzar konfransın əhəmiyyətindən söz açıblar.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Mələk Əliyeva Baş Prokurorluğun 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasından bəhs edərək, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə prokurorluğun sosial media platformalarında müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, indiyədək 220-ə qədər müraciətin məhz sosial media platformalarındakı hesablar vasitəsilə qəbul edildiyini bildirib. O, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq, prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.

Konfransda, həmçinin son dövrlər aktuallığı ilə seçilən narkomaniya probleminin mübarizə yolları müzakirə olunub. Tədbir iştirakçılarına Baş Prokurorluğun ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən hazırlanmış “Narkomaniyaya yox de” adlı broşürləri təqdim edilib.

İştirakçılar mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, belə görüşlərin gələcəkdə də təşkilinin əhəmiyyətini qeyd ediblər.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.