REGİONLAR


Qazaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Qazax, 29 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 29-da IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə Qazax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov IDEA İctimai Birliyinin son illər regionlarda həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib, yeni salınmış ərik bağlarının sənədlərini 4 aztəminatlı ailənin başçısına təqdim edib.

Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə salınan ərik bağları ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət kəsb edəcək. Qeyd olunub ki, bu layihə həm də iqtisadi mahiyyət daşıyır. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azalmasına da töhfə verəcək.

Ərik bağlarının salınması üçün Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 2 hektar sahə ayrılıb.

Aksiya zamanı 200 nəfər yerli fəal gəncin iştirakı ilə ərazidə 1000 ədəd ərik tingi əkilib.

Yeni salınan ərik bağları aztəminatlı ailələrin başçıları Qazaxbəyli kənd sakinləri - Qabil Qocayev, Valeh Seyidov, Müşgül Nəbiyev və Fərhad Fərzəliyev arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib.

Aztəminatlı ailələr ərik bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağları İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ və Göygöl rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, 18 min 560-a yaxın meyvə ağacı əkilib və 57 aztəminatlı ailəyə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.