REGİONLAR


Qazaxda daha iki bağçanın təmirinə başlanılacaq

Qazax, 16 fevral, Rauf Hacıyev, AZƏRTAC

Bu il Qazax rayonunda iki uşaq bağçasının təmirinə başlanılacaq. Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası “Qazax Sement Zavodu” MMC-nin, Hüseynbəyli kənd uşaq bağçası isə dövlətin maliyyə dəstəyi ilə əsaslı şəkildə yenidən qurulacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər iki bağçada aparılacaq təmir-tikinti işləri ilə tanışlıq üçün ictimaiyyət nümayəndələri ilə birlikdə həmin bağçalarda olub.

Bildirilib ki, “Qazax Sement Zavodu” MMC fəaliyyətə başladığı ilk gündən nəinki tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyub, eyni zamanda, öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarıb. Belə ki, zavodun yerləşdiyi ərazidə 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq fidanların istifadəsinə verilib.

Özünün xeyirxah ənənəsinə sadiq qalan “Qazax Sement Zavodu” MMC bu il də daha bir bağçanın – Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirini öz üzərinə götürüb.

“Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov zavodun istehsal fəaliyyəti, qərb regionunda işsizliyin aradan qaldırılması istiqamətində gördükləri işlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, eləcə də gənclərin təhsil və peşəkarlığının artırılması istiqamətində həyata keçirdikləri sosial layihələrdən danışıb.

Daha sonra kənd sakinləri respublikamızın yalnız iri şəhər və rayonlarının deyil, həm də ucqar kəndlərdə icra olunan infrastruktur layihələrindən danışıb, sosial məsələlərin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.