REGİONLAR


Qazaxda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələləri müzakirə edilib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Qazaxda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun timsalında kənd təsərrüfatında aparılan islahatların müsbət nəticələri barədə məlumat verib, bütün sahələrdə olduğu kimi, burada da uçotun düzgün aparılmasının vacibliyini qeyd edib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına, bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən əsas amillərdən biridir.

Vurğulanıb ki, görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Digər tərəfdən, uçota alınmadan fəaliyyət göstərənlər, uçotda olub öz fəaliyyətlərini şəffaf şəkildə quranlara nisbətən müvəqqəti də olsa, bəzi üstünlüklər əldə edir, qeyri-sağlam rəqabət mühitinin formalaşmasına səbəb olurlar.

S.Ələkbərov diqqətə çatdırıb ki, avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə başlanılıb və ötən müddət ərzində 11 minədək şəxsin vergi uçotuna alınması təmin edilib, təqribən 3500 vergiödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Həmçinin fəaliyyəti passiv göstərilmiş 200-dək vergiödəyicisinin fəaliyyəti aktivləşdirilib.

Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət, ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəkləri işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə təqdimatla çıxış edib.

Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev idarənin nəzarət dairəsinə aid olan rayonlarda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər, qarşıya çıxan suallar və problemlər barədə məlumat verib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə ölkəmizin qərb bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.