REGİONLAR
Qazaxda pulsuz tibbi müayinə aksiyası çərçivəsində 55 nəfərdə cərrahiyyə əməliyyatı aparılıb
Qazax, 11 aprel, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.
Fevralın 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə həkim briqadaları yataq xəstələrinə evlərdə tibbi xidmət göstərir, eyni zamanda, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov AZƏRTAC-a bildirib ki, rayonda 18 yaşdan yuxarı olan əhalinin sayı 70 min 312 nəfərdir. Tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqə və bir səyyar briqada tərəfindən aparılır. Tibbi müayinə başlayan gündən bəri rayonda 28 min 801 nəfər müayinədən keçib.
Rayonun 15 yaşayış məntəqəsində tibbi müayinə demək olar ki, başa çatıb. Müayinədən keçənlərin 402 nəfəri ambulator, 110 nəfəri stasionar müalicəyə cəlb edilib, 55 nəfərdə cərrahiyyə əməliyyatı aparılıb, 54 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib.