REGİONLAR
Qazaxda şəhid ailələri və Qarabağ veteranlarına mənzillər təqdim edilib VİDEO
Qazax, 17 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli Orduya sahibdir.
AZƏRTAC xəbər verir ki, böyük tarixi Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsi bunu bütün dünyaya sübut etdi. Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 26 fərdi yaşayış evinin təqdim edilməsi mərasimində bildirilib. Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5 şəhid ailəsinə və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim edilib. Qazax rayonunda sahiblərinə təqdim edilən 13 mənzilin 6-sı şəhid ailəsinə, 7-si isə Qarabağ müharibəsi əlillərinə verilib. Mənzillərdən 8-i 3 otaqlı, 5 isə 2 otaqlıdır.
Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elşən Əsədov və veteranlar və Qarabağ əlilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini deyiblər.
Bildirilib ki, dövlətin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısı razılıqla qarşılanır. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Vurğulanıb ki, haqq savaşımızda yaralanmış hərbçilərlə görüşü zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri aparacaq.