REGİONLAR
Qazaxda şəhidlərin xatirəsi əbədiləşdirilib
Qazax, 29 sentyabr, Famil Quliyev, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra aprel döyüşlərində şəhid olmuş Orxan Əliyev, Elvin Namazov və Mühid Qurbanovun xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Qazax Mədəniyyət Mərkəzində davam edib. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamından söz açıb. Qeyd olunub ki, Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonunda gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün lazımi tədbirlər həyata keçirilir, veteranlarla görüşlər təşkil olunur, onların döyüş yolu yetişməkdə olan nəslə nümunə kimi öyrədilir. Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca böyük elementdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin önəmini qeyd edib. N.Orucov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da aparılan məqsədyönlü işlərdən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin artan qüdrətindən söz açıb. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunası, şəxsi heyətin peşəkar hazırlığı ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır.
Sonra Dövlət Xidmətinin fəxri fərmanı və xatirə hədiyyələri şəhid ailələrinə təqdim olunub. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik mövzusunda hazırladığı filmə baxışla yekunlaşıb.