REGİONLAR
Qazaxda su-kanalizasiya xətlərinin çəkilişi yekunlaşmış küçə və prospektlər abadlaşdırılır
Qazax, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikamızın bir sıra bölgələrində olduğu kimi, Qazax şəhərində də içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişinin başa çatdırıldığı küçələrdə quruculuq işləri görülür.
Artıq şəhərin 11 küçəsinə yeni asfalt döşənib. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində 4, Heydər Əliyev prospektində 3, Azadlıq küçəsində 3, Şəhidlər xiyabanı küçəsində 3 çoxmənzilli yaşayış binasının həyəti "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. Həmçinin Bakı, Zeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir, səki daşları düzülür.