CƏMİYYƏT
Qazaxda top mərmisi tapılıb
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də saat 09:46-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Abbasbəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 millimetrlik top mərmisi (3BK-5M) aşkarlanıb. Mərminin döyüş başlığı (QPV-2) üzərində olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Top mərmisinin ətrafında 300 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə, agentlik tərəfindən yanvarın 1-dən iyunun 3-dək 137 siqnal (əməliyyat çağırışı) əsasında 123 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə 4 evə və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbiristanlığa, çay sahilinə baxış keçirilib, 346 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 11, tank əleyhinə 16 mina və 6570 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilib, 59 min 405 kvadratmetr ərazi yerüstü və 8356 kvadratmetr ərazi yeraltı yoxlanılıb.