REGİONLAR


Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək

Qazax, 18 avqust, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda kəndli-fermer təsərrüfatı tütün əkilən sahələri 100 hektaradək genişləndirəcək.

AZƏRTAC xəbər verir ki, rayonda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, cari ildə bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür. Ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilərək 50 hektara çatdırılıb. Fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar.

Birinci Şıxlı kəndli-fermer təsərrüfatı tərəfindən də 30 hektar sahədə tütün əkilib və hazırda bitkinin yığımı davam edir. Gələcəkdə tütün sahəsinin 100 hektara çatdırılması planlaşdırılıb. Sahədə işləyən əməkçilərin evdən gətirilməsi və geri aparılması üçün nəqliyyat da ayrılıb.

Tütünçü Nailə Həbibova AZƏRTAC–ın müxbiri ilə söhbətində deyib: “Ailədə 5 nəfərik. Beşimizdə gəlib gündəlik tütün dəririk. Hər birimizin qazancı gündəlik 15-20 manat olur”.

Birinci Şıxlı kəndli-fermer təsərrüfatının direktoru Tərlan Hüseynov qeyd edib ki, ölkə başçısının avqustun 4-də Qax rayonunda keçirilən müşavirədə söylədiyi fikirlər fermerlərin ixracyönümlü məhsulların istehsalına marağını daha da artırıb. Cari ildə 30 hektar sahədə tütün becərən kəndli-fermer təsərrüfatı gələcəkdə sahələri genişləndirərək 100 hektara çatdıracaq.

İstehsal olunan məhsulun satışında da heç bir problem yaşanmır. Bağlanmış müqaviləyə əsasən istehsal olunan məhsul tütün kombinatlarına satılır. Tütün yığımı oktyabr ayına qədər davam edəcək. Bu günədək 15 tona qədər tütün yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.