SİYASƏT
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir
Qazax, 3 may (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoslaydlar nümayiş etdirilmişdir.
Filialın direktoru Afaq Qasımova ulu öndər Heydər Əliyevin elmə, təhsilə qayğısından, gənclər siyasətindən, Azərbaycanın yüksəlişindən danışmışdır. O, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş Azərbaycanın hərtərəfli inkişafı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Konfransda müxtəlif bölmələr üzrə bir-birindən maraqlı elmi mövzularda çıxışlar olmuşdur.