REGİONLAR
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
Qazax, 23 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra fidanların ixtiyarına verilib.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən Rəcəb Babaşov bildirib ki, bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət-uşaq siyasətinin başlıca istiqamətlərindəndir.
Rəcəb Babaşov son illərdə rayonda bu istiqamətdə həyata keçirilmiş işlərdən danışaraq qeyd edib ki, hazırda şəhər bağçalarından 1, 2, 3, 4, 5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları müasir səviyyədə əsaslı təmir edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 2018-ci il 12 fevral tarixli Sərəncamına əsasən 6 saylı körpələr evi-uşaq bağçasında da işlərə başlanılıb.
Qeyd edilib ki, 90 yerlik körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.
Bağçanın həyətində xüsusi istirahət guşələri var, həmçinin müşahidə kameraları quraşdırılıb.
Hazırda Qazax rayonu üzrə 25 uşaq bağçasından 18-də müasir şəraitin yaradıldığını deyən icra hakimiyyətinin başçısı bu il digər bağçalarda da təmir işlərinin aparılacağını vurğulayıb.