REGİONLAR


Qazaxda yaşayan məktəbli bacıların Ulu Öndər sevgisi - Reportaj VİDEO

Qazax, 10 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayır. İstər yaşlı nəslin nümayəndələri, istərsə də gənclər və yeniyetmələr xalqımızın xilaskarı, dahi Heydər Əliyevin xatirəsini əziz tutmaqla ona olan sevgilərini, hörmətlərini özünəməxsus formada göstərir, nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, Qazax rayonunda yaşayan 5-ci sinif şagirdi Nuray Orucova Ulu Öndər haqqında yazılan şeirləri öyrənir və tədbirlərdə sevə-sevə səsləndirir. Məktəbli qız Ulu Öndərin anadan olmasının 98-ci ildönümünü elə öz kiçik bacısı ilə özünəməxsus formada, ailəsi üçün səhnə düzəltməklə qeyd edib.

Nuray Qazax şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir. Elə məktəbə gedəndən Ulu Öndər və vətənpərvərlik mövzusunda şeirlər əzbərləyib, tədbirlərdə fəal iştirak edib. İctimai tədbirlərdə fəal iştirakına görə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub. Pandemiya ilə əlaqədar geniş auditoriya qarşısında tədbirlər keçirilmədiyindən, o, bu dəfə Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar kiçik səhnəcik hazırlayaraq, ailəsi önündə çıxış etmək qərarına gəlib. Bu işdə ona balaca bacısı Füruzə də kömək edib. Onlar evin həyətində səhnə qurub, Azərbaycan və qardaş Türkiyə bayrağını asıb, Ulu Öndərin doğum günü ilə əlaqədar Orucovlar ailəsinə öz öyrəndiklərini təqdim ediblər.

“Mən ulu öndərimiz Heydər Əliyevin ad gününə görə evimizdə kiçik səhnəcik quraşdırdım. Pandemiyadan qabaq bizim məktəbdə Ulu Öndərimizin ad gününə görə həmişə tədbirlər olurdu. İndi pandemiya olduğuna görə məktəbdə tədbir keçirilmir. Ona görə də evimizdə kiçik bir səhnəcik quraşdırmışam. Bu işdə bacımla bərabər, atam da mənə kömək edib”, - deyə Nuray Orucova bildirib.

Nuray və bacısının Ulu Öndərlə bağlı və vətənpərvərlik mövzusunda öyrəndiyi şeirləri ailəsi sevərək dinləyir. Qurulan səhnəciyin dekorunun tapılıb quraşdırılmasında valideynləri və nənəsi də yaxından iştirak edib. Bu isə qızlara öyrəndiklərini daha həvəslə çatdırmağa imkan verir.

“Bu gün mayın 10-dur. Bununla əlaqədar qızım Nurayın təşkil elədiyi səhnəcik, hazırladığı proqram Ulu Öndərə olan sevgisinin nümayişidir. Mən də bir valideyn kimi çox həvəslə ona yardım etmişəm və buna görə sevinirəm”, - deyə atası Kənan Orucov vurğulayıb.

Məktəbli qızların hazırladığı kiçik proqrama nənələri Füruzə Orucova də həvəslə tamaşa edib: “Mən də bir nənə kimi baxıb fəxr edirəm. Fəxr edirəm ki, nəvəm Ulu Öndərimizi sevir, ona dərin hörmət bəsləyir. Bu gün üçün gözəl şeirlər hazırlayıb”.

Nuray Heydər Əliyev haqqında şeirlər əzbərləmək və söyləməklə kifayətlənmir. İllər davam etdikcə onun haqqında daha geniş məlumata sahib olmağı düşünür. Gələcəkdə isə cəmiyyətimiz üçün faydalı vətəndaş olub, həkim peşəsinə yiyələnmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.