REGİONLAR
Qazaxdakı Fəxri Qazaxlılar parkı yenidən qurulur
Qazax, 20 dekabr, Famil Quliyev, AZƏRTAC
Qazax şəhərindəki Fəxri Qazaxlılar parkında əsaslı təmir və yenidənqurma işləri aparılır. Parkın hər iki tərəfində 40 ədəd işıq dirəyi basdırılıb və işıqlandırma sistemi yenidən qurulub. Parkdakı 3500 kvadratmetr sahəyə tamet, 1700 kvadratmetr əraziyə qazon döşənib, 40-dan çox müxtəlif növ dekorativ ağac əkilib.
Parkın mərkəzində bir böyük, kənarlarında isə iki kiçik fəvvarə kompleksi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Qazax torpağının yetirmələri olan görkəmli və dünya şöhrətli şəxsiyyətlərin - Azərbaycanın Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Əhməd Seyidovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun parkda qoyulmuş büstləri bərpa olunaraq müasir görkəm alıb.
Parkın əsaslı təmiri və yenidən qurulması ilə bağlı aparılan işlər başa çatmaq üzrədir.