İQTİSADİYYAT
Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib VİDEO
Astana, 22 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.
İclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil idi. O cümlədən miqrasiya, kosmik fəaliyyət, yüksək texnologiyalar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ikitərəfli sərgi və biznes forumların təşkili məsələləri nəzərdən keçirilib. İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələləri də diqqət mərkəzində olub.
Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır. Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 milyon ton, bu ilin 6 ayı ərzində isə 1,3 milyon ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi, enerji layihələrinin birgə həyata keçirilməsi perspektivləri, eləcə də enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq.
Qazaxıstan-Azərbaycan əməkdaşlığında vacib məsələlərdən biri də Transqafqaz dəhlizi vasitəsilə Qara dənizə karbohidrogen xammalının daşınmasıdır.
İclasda 2017-ci ildə Azərbaycan müğənnisi Bülbülün 120 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq tədbirdə iştirak, KİV nümayəndələri üçün infoturların keçirilməsi, Qazaxıstanın “AİTF-2017”, Azərbaycanın isə “KİTF-2017” beynəlxalq turizm sərgisi və “Astana EXPO-2017” beynəlxalq sərgisində iştirakı məsələləri müzakirə olunub.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb.
İkitərəfli komissiyanın növbəti, 14-cü iclası 2017-ci ilin payızında Bakıda keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana